Cövşən 25 Kasım 2008
Cövşən
Cövşən haqqında müsəlmanlar arasında fərqli görüşlər var. Bəziləri onu baş tacı edərkən, bəziləri də son dərəcədə laqeyd və hətta ondan bixəbərdirlər. Bizə Cövşən barədə nə deyə bilərsiniz?
Cövşənlə əlaqədar bir çox fikir və mülahizələr ortaya atılmışdır. Cövşənin daha çox Şiə qaynaqlarından gəlmiş olması Əhli-Sünnənin ona qarşı soyuq davranmasına səbəb olmuşdur. Ancaq bizim Cövşənlə əlaqədar mülahizəmiz xüsusiyyət kəsb edir. Onun üçün də başqalarına aid görüşlərin nəqlindən daha çox, biz burada öz mülahizələrimizi ifadə etmək istəyirik:
1) Cövşən səmimiyyətlə edilmiş bir duadır. Onun hansı cümlə və sözü nəzərdən keçirilirsə, keçirilsin orada damla-damla ixlas və səmimiyyət yüklü dua əksini tapır. Elə isə, Cövşən kimə istinad edilirsə edilsin, əsasındakı bu xüsusiyyətə təsir etməməlidir. Burada: "Bir sözün Əfəndimizə (s.ə.s.) istinadı ilə bir başqasına istinadı arasında fərq yoxdur" demək istəmirik. Demək istədiyimiz budur: "Cövşən ən azı bir duadır. Başqa heç bir xüsusiyyəti olmasa, yalnız onun bu cəhəti belə Cövşənə bir dəyər və qiymət vermək üçün kifayətdir. Halbuki, onun daha nə qədər xüsusiyyətləri vardır. Elə isə, məncə yalnız mənbəyinə görə Cövşəni tənqid etmək haqlı davranış deyildir.
2) Əfəndimizə (s.ə.s.) aid sözlərin bütün bəşər sözlərinə nisbətən üstünlüyü vardır. Ona (s.ə.s.) aid bəyan və sözləri seçib tanımada məharət qazanmışlara sirr deyil ki, Cövşən başdan axıra peyğəmbəranə ifadələrlə bəzədilmiş bir ədaya malikdir. Buna görə də, duada Ona (s.ə.s.) aid olan şeylərdən istifadə etmək həm əhəmiyyətli, həm də qəbula daha yaxındır. Lakin yenə də bu bir seçim məsələsidir. Yoxsa insan namazın xaricindəki duaları hansı dillə edirsə etsin, bu hal duanın əslinə təsir etməz, çünki Cənabi-Haqq bütün dilləri bilir və yalnız duanın səmimi və qəlbdən olması əsasdır. Elə dillərin və rənglərin müxtəlif olması Onun qüdrətini göstərən ayələrdən deyilmi?
3) Yuxarıda da işarə etdiyimiz kimi, Sünni qaynaqlar Cövşənə yer vermirlər. Sadəcə Hakimin "Müstədrək"ində Cövşəndən bəhs olunur. Onun xaricindəki əsərlərdə, mən indiyə qədər Cövşənə aid ifadələrin nəql edildiyini görmədim. Ancaq bu tamamilə mənbəyə (istinad etdiyi sənədə) aid bir xüsusiyyətə istinad edilərək alınmış müştərək qərarın təzahüründən başqa bir şey deyil və Cövşənin dəyərinə mənfi təsir edəcək bir ağırlığı da yoxdur. Belə ki, Buxari və Müslimin rəvayət etdiyi bir çox hədis var ki, eyni hədislər çox kiçik fərqlə, hətta bəzən eyni şəkildə Küleyninin "Əl-Kafi"sində əksini tapır. Halbuki, Əhli-Sünnə alimləri Küleynidən bir hədis belə rəvayət etməmişlər. Halbuki, onda mövcud olan hədislər, Buxari və Müslimdə də yer aldığına görə həm mənbə, həm də kəlimə etibarilə səhih hədislərdir. Ancaq, "Əl-Kafi"də əksini tapan hədisləri daha çox Şiə imamları nəql etmişlər və bu səbəbə görə də Sünnilərin başdan bəri ehtiyatlı davranmalarına səbəb olmuşdur. Cövşən üçün də eyni şey xarakterikdir. Əgər Cövşən Şiə imamları yolu ilə nəql edilməmiş olsa idi, zənn edirəm ki, bütün Sünnilər tərəfindən qəbul ediləcək və baş tacı ediləcəkdi. Lakin Cövşən, mənbəyi (istinad etdiyi sənəd) səbəbindən talesizliyə məruz qaldığı üçün bu qədər insan sırf buna görə onun nurlu, feyizli və bərəkətli iqlimindən məhrum olmuşdur. Hal-hazırda belə bir talesizliyin qarşısını ala biləcək gücdə də deyilik. Əsrlər boyu meydana gəlmiş belə bir qənaəti aradan qaldırmaq qeyri-mümkün olmasa da, çox çətindir.
4) Bəzən hədis kriteriyaları meyar olmaya bilər. Əhlullahın (Allah dostlarının) Əfəndimizdən (s.ə.s.) kəşfən hədis alması heç də az rastlanan hadisələrdən deyil. İmam Rabbani deyir ki: "Mən, İbni Məsudun, Müavvizəteynin Qurandan olmadığına dair rəvayətini görüncə, bu surələri fərz namazlarımda da oxumamağa başladım. Nə vaxt ki, Əfəndimizdən (s.ə.s.) onların Qurandan olduğuna dair xəbərdarlıq aldım, ancaq onda bu surələri fərz namazlarımda oxumağa başladım". Bəzilərinin bizim "Qünut duası" olaraq oxuduqlarımızı Qurandan qəbul etməsi də yuxarıda işarə etmək istədiyimiz xüsusa ayrı bir dəlil qəbul edilə bilər. Və yenə, İmam Rabbanidən bir misal. Deyir ki: "Mən bəzi mövzularda İmam Şafini təqlid edirdim. Ancaq mənə İmam Əbu Hənifənin peyğəmbərlik məsləyini təmsil etdiyi ihsas etdirildi (bildirildi). Mən də Əbu Hənifəyə tabe oldum..."
Bu durum da, əlbəttə ki, müəyyən meyar və kriteriya tələb edir. Yoxsa hər kəs kəşfən nə isə aldığını deyər və ortalıq bir çox uydurma kəşflərlə dolar. Amma bəzi böyük şəxsləri bu kateqoriyaya daxil etmək çox böyük səhv olar. Onlar "kəşfən aldıq" dediklərini mütləq elə almışlar və dedikləri də qətiyyən doğrudur. Amma, bunları müəyyən hədis meyarları içində təhlil etmək qeyri-mümkündür. Onun üçün də bu cür ifadələr hədisçilər tərəfindən rəğbət görməmişdir. Amma onlardan rəğbət görməmək bu ifadələrin doğru olmadığı mənasına da gəlmir.
Bütün bu söylədiklərimiz Cövşənə də eynilə aiddir. Onun üçün biz əminliklə deyirik ki, Cövşən məna etibarilə Əfəndimizə (s.ə.s.) ilham və ya vəhy yolu ilə gəlmişdir. Daha sonra da əhlullahdan (Allah dostu, övliya) biri bu Cövşəni kəşf yolu ilə (pərdənin arxasındakı gizli mənaları və həqiqəti görmə və bilmə) Əfəndimizdən almış və Cövşən bizə qədər gəlib çatmışdır.
Bunu da əlavə etməyin faydalı olacağı qənaətindəyəm. İmam Qəzali kimi bir alim, Gümüşhanəvi kimi bir böyük vəli və Bədiüzzaman kimi bir düha, Cövşəni qəbul edib onu davamlı oxumuşlar. Hətta İmam Qəzali ona bir şərh yazmışdır. Cövşəndəki güc və qüvvətə aid başqa heç bir dəlil və bürhan olmasa belə, yalnız adlarını sadaladığımız böyüklərin onu qəbul etmələri və yüz minlərlə insanın Cövşənə könüldən bağlanıb dəyər vermələri Cövşən haqqında heç olmasa ehtiyatlı danışmağa vadar edən dəlillərdir. Yalnız mənbəyinə (istinad etdiyi sənəd) aid birboşluğa görə Cövşənə dil uzatmaq ən azı haqsızlıqdır.