Suallar və Cavablar
(Ailə və Əxlaq)
Uşaqların ana-ata üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? İmtahan anlayışını bir az izah edə bilərsinizmi?

Dünya həyatı şirin-acı bir çox yönü ilə bizim əbədi aləmə keçişimizi təmin edən bir həyatdır. Eyni zamanda, bu həyat bir çox fitnə və imtahanlarla doludur. İmtahan ünsürlərindən biri olan uşaqların isə həyatımızda ayrı bir yeri var. Uşaqlar insan üçün tamamilə fərqli bir nemət və eyni zamanda tamamilə fərqli bir imtahandır. Ana üçün bu imtahan hamiləlik dövrünün ilk günlərindən başlayır. Hər ana öz ruh aləmində uşağın aldığı havada belə öz payının olduğu qənaətini daşıyır. Çünki onun yediyi bir loğma çörək, içdiyi bir qurtum su qarınında bölünür və hər ikisinin də qidası olur. Sonrakı dövrlərdə onu bəzən çiynində, bəzən qucağında yenə də ana daşıyır. Gecələri yuxusuz qalır onun üçün. Hər an, uşaq nərdivandan yıxılar, eyvandan sürüşər, elektrikə toxunar, isti suyu başına tökər və ya sobaya yapışıb yanar deyə min cür sıxıntı və narahatçılıq keçirir. Uşaq Allahın insana verdiyi bir əmanətdir və vaxtı gələndə də geri alacaqdır. Əgər ona yaxşı baxılar, tərbiyəsi yaxşı verilər və başqalarına faydalı insan olaraq yetişdirilərsə, onunla bağlı imtahan qazanılmış olar. Lakin insan yalnız nəfsani şəkildə, özündən bir parça mülahizəsi ilə ona baxar və bundan həzz alar, Allaha bəsləməsi zəruri olan sevgini tamamilə uşağa yönəldərsə, "bir ürəkdə iki sultan olmaz" düsturuna nəzərən imtahanda uduzmuş olar. Bir ayədə dünya malı da uşaqlarla birlikdə imtahan olaraq zikr edilmişdir: "Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!" (Təğabün, 64/15) Bu ayənin ifadə etdiyi həqiqətə görə hər şeydə Allahın razılığını axtarmaq və Ona yönəlmək, digər şeyləri də ikinci dərəcəli olaraq qəbul etmək çox əhəmiyyətlidir. Həyatını bu istiqamətdə davam etdirənlər imtahanı qazanarkən, digərləri məğlub olurlar. Lakin bu dünyanı və ailə üzvlərini tamamilə tərk etmək demək deyildir. Əksinə Bütün Bunların Sahibinin rizası üçün onlara tam mənası ilə sahib çıxma deməkdir. Bu baxımdan insan bunlara bir əmanət kimi baxmalıdır. Allahın ona əmanət olaraq verdiyi digər nemətlərlə birlikdə, ailə üzvlərinə də sahib çıxmalı və ona verilən bu əmanətə xəyanət etməməlidir. İslam dini uşaqlarla əlaqəli ana-atanın üzərinə gözəl ad qoymaq, yaxşı təhsil vermək və vaxtı gələndə evləndirmək və ya ərə vermək kimi üç mühüm vəzifə yükləmişdir. Bu vəzifələri çox yaxşı dərk etmək lazımdır. Çünki bu vəzifələr bütün bir ömrü əhatə edir. Buna görə həkimlərin beşikdəki körpəyə qida cədvəli tətbiq etdikləri kimi, ana-ata da uşaqlarının yaş və dərk etmə səviyyələrinə görə onların təhsilinə diqqət yetirməlidir. Həmçinin onu evləndirərkən İnsanlığın İftixarının (s.ə.s) sözü ilə sərvəti, gözəlliyi və soyu əsas götürməməli, seçimdə dini həyatı birinci amil olaraq qəbul etməlidir. Uşağı tərbiyə etmə mövzusunda da onunla aradakı pərdəni saxlamaq mühüm əsaslardan biridir. Bir tərəfdən təmkin və ciddilik mühafizə edilərkən, digər tərəfdən onun sevinc və kədərini paylaşma çox əhəmiyyətlidir. Ana-ata təmkin və ciddiyyəti qorumadan onunla sadəcə uşaq kimi davranar, oyun oynayarsa, məsafəni qoruya bilməz, digər daha əhəmiyyətli mövzularda uşağa təsir edə bilməz. Belə bir atmosferdə yetişən uşaq pis davranış nümayiş etdirə və hətta həyasızlaşa bilər. Bu baxımdan istər öz uşaqlarımız olsun, istərsə tərbiyə etmək üçün bizə etibar edilmiş uşaqlar olsun, onların yaxşı tərbiyə almalarını istəyiriksə, onlarla aramızdakı bu məsafə daim qorunmalıdır. Bununla yanaşı, uşaq daim özünə ideal tapma ehtiyacını hiss edir. Ana-ata uşağın model olaraq seçdiyi insanlardır. Böyüdükcə öz ailəsində axtardığı ideal modeli tapa bilməyən uşaq xaricə yönəlir və bu da mənəvi dünyasında ziddiyyətlərə səbəb olur. Axtardığı idealı ailəsində tapan uşaq isə xoşbəxt və dinc bir həyat yaşayır. Bu yazını bir ayənin məalı ilə bitirək: "Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən daşındırmışdılar). Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir!". (Təğabün, 64/14) Deməli, mal və övlad bir yönü ilə potensial düşmən, digər yönü ilə dostdur. Bunlar Allah yolunda dəyərləndirilsə, insan onlar vasitəsi ilə həm dünyasını, həm də axirətini abad edər.

Axtarış

Yardım

Suallar və Cavablar Bölümündə sol tərəfdəki menudan kateqoriya seçərək yada axtarış edərək sualları siyahiləyəbilərsiz. * Siyahilənmiş suallara basaraq hamısını oxuyabilərsiz. * Axtarış edəndən sonra siyahilənən suallara başlığında yazılmış sarı rəngli linklər vasitəsiylə yətişəbilərsiz.