Suallar və Cavablar
(Peyğəmbərlər)
Digər peyğəmbərlərin ümmətlərinə olan sevgiləri ilə Peyğəmbərimizin ümmətinə olan sevgisi fərqlidirmi?

Sualda bir neçə məsələ var. Əvvəla, bütün peyğəmbərlər nəzərdə tutularaq onların ümmətlərinə olan sevgi və məhəbbətləri ilə Əfəndimizin (s.ə.s.) ümmətinə olan sevgisi arasındakı fərq; sonra isə Dünya və Axirət Sərvərinin öz ümmətinə bəslədiyi məhəbbət və sevgi haqqında məlumat istənilir.

Hər peyğəmbər öz ümmətini sevir. Burada sevgidən qəsd olunan məna bəzən sevginin özü, bəzən də şəfqətdir. Hər ikisi də peyğəmbərlərdə ən ülvi səviyyədə mövcuddur. Ancaq peyğəmbərlər arasında dərəcə fərqi olduğu kimi, onlardakı duyğu və düşüncədə də fərqliliklər var. Bu həqiqətə əsasən, bütün peyğəmbərlərdə mövcud olan sevgi və məhəbbət Əfəndimizdə ən ali dərəcədə mövcuddur. Ondakı sevgi elə səviyyədədir ki, Cənabi-Haqq (c.c.) Onun bu şəfqət və məhəbbətini bildirmək üçün öz adlarını Ona izafə etmiş və Allah Elçisinə "Rauf, Rəhim" demişdir.

Onda elə sevgi və şəfqət var ki, dünyaya gəldiyi vaxt " ümmətim, ümmətim" dedi və hər nəbinin, hər vəlinin "nəfsim-nəfsim" deyəcəyi gün o yenə "ümmətim, ümmətim" deyəcək.

Şəfqət və sevgiyə baxın ki, meracla yüksəldiyi zirvədən, heç bir bəşərə nəsib olmayan o yüksək rütbədən, sadəcə ümmətini qurtuluşa apara bilmək və əllərindən tutub onlara da belə bir merac həzzini yaşada bilmək üçün geri qayıtmış və dünyaya iztirab çəkməyə gəlmişdi.

O necə şəfqətdir ki, onu daşlayan və bədənini qana qərq edənlərə mələk hiddətə gəlib "İcazə ver bu dağı onların başına aşırım" deyir, lakin O, "Qiyamətə qədər onların nəslindən bir nəfər ümmətimə daxil olacaqsa, xeyr, istəmirəm" qarşılığını verir..

Bu mənada, Ondakı sevgi və şəfqət heç bir peyğəmbərlə müqayisə edilməyəcək qədər böyükdür. Onun həyatı yüzlərlə şəfqət və mərhəmət nümunələri ilə hörülmüş bir naxışdır. Məsələnin ilahi yönünü isə bizim qavramağımız qeyri-mümkündür.

Peyğəmbərimizin ümməti arasındakı sevgi fərqinə keçmədən əvvəl, bütün peyğəmbərlər üçün ümumi bir qaydaya nəzər yetirək: Hər peyğəmbər ümmətindən ən çox peyğəmbərliyinə varis olanları sevir. Bu ümumi bir qaydadır və Allah Rəsulu da bu qaydaya tabedir. Çünki bütün peyğəmbərlərin dünyaya gəlmə məqsədi peyğəmbərliyə aid mənaları təbliğdən ibarətdir. Onlar, miras olaraq geridə qalanlara nə mal, nə də şan-şöhrət qoyurlar. Qoyduqları yeganə miras təbliğ etdikləri din və o dinin əsaslarıdır. O dinə sahib çıxanlar, əlbəttə, Peyğəmbərlərin də ən çox sevdikləri şəxslər olacaq. Kainatın Əfəndisi (s.ə.s.) bir hədisində məalən belə buyurur: "Sizə iki şeyi əmanət edirəm: Allahın kitabı Quran və Əhli-Beytim."

Əhli-Beytə olan bu təvəccöh, yalnız qohumluqla bağlı deyildir. Bunda incə bir məqam var və Allah Rəsulu bu sirrə görə Əhli-Beytinə nəzərləri yönəldir. Çünki Əhli-Beyt cibilli (kökdən, nəsildən gələn bir bağlılıq) olaraq Allahın Kitabına və Rəsulullaha (s.ə.s.) və Onun gətirdiklərinə sahib çıxırlar. Buna görə, daha sonrakı dövrlərdə onlara sahib çıxmaq dinə sahib çıxmaq sayılmışdır. Məhz bu hikmətə görə O daha çox Əhli-Beytini nəzərə çatdırır.

Digər tərəfdən, Allah Rəsulunun (s.ə.s.) gətirdiyi dini təmsildə və peyğəmbərlik irsinə sahib çıxmada varisləri Həzrəti Əbu Bəkir, Həzrəti Ömər, Həzrəti Osman və Həzrəti Əli kimi şəxslərdir (r.a.). Bunlar Əfəndimizin həqiqi varisləridir.

Buna istinadən deyə bilərik ki, Əfəndimizin (s.ə.s.) Peyğəmbərlik iddiasına birinci növbədə sahib çıxanlar Əshabi-Kiramdır. Daha sonra da müxtəlif dövrlərdə o pak nəsildən gələn və yaşadıqları dövrdə İslamı ən ülvi şəkildə təmsil edib xanəgah və zaviyələri ilə qəlblərə həyat bəxş edən Əhli-Beyt olmuşdur. Nəticə etibarilə, dini həyat və dinə xidmət daha öncə gəlir. Hansı dövrdə olursa-olsun, Allah Rəsulunun (s.ə.s.) gerçək mirasına sahib çıxanlar Onun (s.ə.s.) ən yaxınları və Əhli-Beyti sayılır.

Buna görə, hal-hazırda bu yola sahib çıxan bir camaata "Bunlar peyğəmbərin varisləridir" deyilsə, səhv olmaz. Çünki onların hər biri nübüvvət yolunun varisləridir. Məsələyə bu yöndən baxılsa, Həzrəti Əbu Bəkirlə (r.a.) başqa bir səhabə arasında fərq yoxdur. Çünki hamısı da peyğəmbərlik yolunun varisləridir. Lakin ona xas olan fəzilətə bütün ümmət bir yerə gəlsə, yenə də çata bilməzlər.

Deməli, istər o dövrdə, istərsə də sonrakı dövrlərdə yaşayanlardan kim nübüvvət yoluna nə qədər sahib çıxsa, o nisbətdə Allah Rəsulu (s.ə.s.) tərəfindən sevilməyə layiq olacaqdır.

Necə ki, "Vəma alər-Rəsuli illəl-bəlağ" ayəsi ilə ifadə edildiyi kimi peyğəmbərlərin vəzifəsi yalnız təbliğdir. Bunun kimi, ondan sonra bu işi öhdəsinə götürənlərə düşən vəzifə də yalnız təbliğdir. Həmçinin, bu məqamda bizə düşən vəzifə də Onun arxasında ədəblə boyun büküb "Bizim vəzifəmiz ancaq təbliğdir" deməkdir. Belə mənsubiyyətdən ötrü də özümüzü dünyanın ən xoşbəxti qəbul edə bilərik.

İndi isə, məsələnin başqa bir yönünə diqqət edək:

Əfəndimizin (s.ə.s.) peyğəmbərlik nurunu görərək və Onun tərtəmiz nəfəsində yetişən varislərin halı digərlərindən çox fərqlidir. Bu da çox təbiidir. Çünki onlar Əfəndimizi (s.ə.s.) şəxsən gördülər, Onun nurunda nurlandılar, Onun hər halına bələd oldular, leysan kimi yağan vəhyin sərin əsintisini daim iliklərinə qədər hiss etdilər. Və o şanlı müəllim və ustad tərəfindən yetişdirildilər. Elə isə, Əfəndimizin (s.ə.s.) də onlara digərlərindən daha fərqli bir məhəbbət bəsləməsi, onlara qayğı göstərməsi və onları əziz tutaraq "Səhabələrimə söyən məndən deyil", "Səhabələrim göydəki ulduzlar kimidir" şəklində ifadələrlə onları ucaltması, belə bir mürüvvət abidəsinə yaraşan ən uyğun ifadə və hərəkət tərzidir. Əfəndimizi (s.ə.s.) ən çox onlar sevdi; Allah Rəsulu (s.ə.s.) də bu sevgiyə biganə qalmadı, O da onları sevdi.

Digər tərəfdən, Əfəndimiz (s.ə.s.) bununla özündən sonra xalqın başına keçən və onları idarə etmə vəzifəsində olanlara da hikmət dərsi verir və onlara bu yolun qaydasını öyrədirdi. Hər əsr və hər dövrdə, ön cərgələrdə duran və mübarizə edənlər həmişə birinci planda olmalı və hər kəsdən üstün tutulmalıdır. Bu bir vəfa borcudur.

Allah Rəsulu (s.ə.s.) isə insanlar arasında bu yönü ilə də ən zirvədədir. Ondan daha vəfalı ikinci bir insan göstərilə bilməz. Ona: "Ən çox kimi sevirsən?" -deyə soruşan səhabəyə "Aişəni"-deyə cavab verir. "Kişilərdən nəzərdə tutmuşdum" deyə davam edincə də "Atasını" cavabını verir. Zənnimcə, sevmə ilə vəzifə vermə arasındakı fərqi izah etməyimə ehtiyac yoxdur. O hər istedadı yerli-yerində istifadədə də misli görülməmiş bir fətanət (üstün peyğəmbər məntiqi) sahibdir. Kimə harada vəzifə verəcəyini çox yaxşı bilirdi. Tarixə nəzər salanda, buna əks bir hadisəyə rast gəlmək qeyri-mümkündür. Seçdiyi insan hansı iş üçün seçilibsə, şübhəsiz, digərləri arasında o, həmin mövzunu ən yaxşı təmsil edənlərdən biridir.

Necə ki, Dünya və Axirətin Sərvəri seçilmiş bir insan idi, ona səhabə olacaq insanlar da seçilmiş insanlar idi. Bunun mənası belədir ki: Əfəndimiz (s.ə.s.) dünyaya gələndə peyğəmbər olaraq gəlmişdir. Çünki Onun (s.ə.s.) uşaqlıq dövründə də bütün davranışları, daha sonrakı həyat tərzini-vəhylə gələn peyğəmbərliyinə dəstək mahiyyətindədir.

Məsələn, cahiliyyə dövrü insanlarının üryan gəzdiyi dövrdə bir dəfədən savayı dizindən yuxarısını açmamışdır. Onda da mələk gəlib xəbərdarlıq etmişdir. Buna görə, risalət vəzifəsi ona verilmədən əvvəl də, Məkkə və Məkkə ətrafında iffət, namus, həya deyilincə ilk ağla gələn O idi. İsmətli idi. Heç günaha girməmişdi. Əhdə vəfada, düzgünlükdə, verdiyi sözü yerinə yetirmədə və əmanətə əmin olmada ondan üstünü yox idi. Onun bir ünvanı da "Əmin" idi. Tərtəmiz bir həyat yaşadı. Tərtəmiz də bu dünyanı tərk etdi. Vəfatını eşidib Mədinəyə gələn ən yaxın dostu Həzrəti Əbu Bəkrin ona xitabən söylədiyi son sözlər necə də mənalıdır: "Hayatın da tərtəmiz, mübarək nəşin də tərtəmiz ey Allahın Rəsulu.” Bu ifadələr, eyni zamanda Allah Rəsulunun həyatının bir cümlə ilə ifadəsi idi. O, bir körpə masumluğu ilə dünyaya gözlərini açdı, yaşadığı fövqəlinsani həyatla mələk paklığına bürünmüş və zirvələrin ağlasığmaz yüksəkliklərindən uçub səmalara qanad açmışdı.

Buna görə, Məkkə müşrikləri Allah Rəsuluna atdıqları bu qədər böhtan içində onun pak əxlaqına tənqidvari heç bir söz deyə bilmədilər və həmişə mühakiməsi sağlam olanların qəbul etməyəcəyi böhtanlar atdılar. “Sehirbaz”, “şair” dedilər, amma heç kim “yalançı”, “dönük” və ya buna bənzər sözlər deyə bilmədi. Cənabi-Haqq bir yönü ilə (c.c.) Onun pak əxlaqını müşriklərin üzünə sillə kimi vurdu və hamısını susdurdu. O, böyük bir dini təmsil etmək üçün gəlmişdi. Cənabi-Haqq (c.c.) Ona ümmət, səhabə və yoldaş olaraq seçdiklərini də bu dinin ilkləri olma etibarilə, bu işin öhdəsindən gələ biləcək keyfiyyət və mahiyyətdə, xüsusi olaraq yaratdı. Bəli, onlar xüsusi və seçilmiş insanlar idi.

Təsəvvür edin ki, Xalid bin Vəlid Mutedə iştirak edəndə iki ay idi ki, müsəlman olmuşdu. Müharibəyə adi bir əsgər kimi getmişdi. O gün adlı-sanlı sərkərdələr arasında onun adı yox idi. Zeyd ibn Harisə, Cəfər ibn Əbi Talib və Abdullah ibn Rəvaha adları sıra ilə sayıldı və: "Əgər ona da bir şey oIarsa, bayrağı Allahın qılınclarından bir qılınc alsın" deyildi. Mutedə müsəlmanların sayı üç min, Bizans ordusu isə bundan 66 dəfə çox, yəni iki yüz min nəfərlik bir ordu idi. Bəziləri tərəddüd keçirdi. “Biz bu qədər düşmən gözləmirdik, Mədinəyə geri dönək”, -dedilər. Ancaq Zeyd (r.a.) buna qarşı çıxdı. O, həyatı boyu geri addım atmadı, burada da geri dönməyəcəkdi. O, təcəssüm etmiş bir itaət idi. Dünya və Axirətin Sərvəri (s.ə.s.) ona anası yaşında bir qadınla, Ümmü Eymənlə evlənməsini təklif edəndə tərəddüd etmədən qəbul etmişdi. Taifdə Allah Rəsuluna (s.ə.s.) atılan daşlara sipər olmuş və hər tərəfi qan rəvan içində qalmışdı. Bu gün isə o, bir ordu komandiri idi. İşin mahiyyəti dəyişsə də, özü dəyişməmişdi. O, həmişə itaət edirdi. Aslan kimi kükrədi. Düşmənin sayı vacibi deyildi, qətiyyən geri dönülməməli idi. Çünki Allah Rəsulu (s.ə.s.) onlara bunu əmr etmişdi. Altıncı günə qədər döyüş davam etdi. Altıncı gün bütün ordu rəhbərləri bir-bir şəhid oldular. Bayraq yerə düşəcəyi anda bir nəfər onu götürüb sahibini axtarmağa başladı. Xalidi (r.a.) görüncə də bayrağı ona uzatdı. Lakin Xalid (r.a.) "Sən məndən əvvəl müsəlman oldun, sən daha layiqsən" -deyərək bayrağı almaq istəmədi. Ancaq çox təkid edincə qəbul etdi.

Bu əsnada müharibə meydanında baş verən hər hadisəni Allah Rəsulu (s.ə.s.) Mədinədə bir-bir səhabələrinə danışırdı. Bəli, O (s.ə.s.), hıçqıra-hıçqıra ağlayır və baş verənləri danışırdı... Xalid bin Vəlid (r.a.) o gün böyük qəhrəmanlıq göstərmişdi. Bəziləri Mutenin zəfər olmadığını desə də, Mute bir dastandır, zəfərdir. Və bu zəfəri Cənabi-Haqq (c.c.) Xalidin (r.a.) əli ilə müsəlmanlara nəsib etmişdi.

Xalid (r.a.) o gecə ordunu yeddi, səkkiz hissəyə ayırdı. Sağdakı ordunu sola, soldakını sağa keçirdi. Öndəkiləri arxaya, arxadakıları da önə keçirdi. Bundan başqa, bir neçə qrupa da vəzifə verdi. Onlar gizlicə Mədinə tərəfə gedib, gecə Mədinədən yeni bir ordu gəlirmiş kimi dəf və dümbələk çala-çala gəlməli idilər. Təlimat eyni ilə yerinə yetirildi. Sabahsı gün düşmən nə olduğunu başa düşə bilmədi. Düşmənin qarşısına tanış olmayan simalar çıxmağa başladı. Nümayişlə Mədinə tərəfindən gələnlər isə, düşməni tamamilə mənən çökdürmüşdü. Sabahı gün Xalid (r.a.) atına minib düşmənin üzərinə hücum etdi. Gözü heç nəyi görmürdü. Diqqət edin o, hələ iki ay əvvəl müsəlman olmuşdu. Nə bildi, nə öyrəndi ki, bu qədər qısa bir zamanda bu səviyyəyə, bu zirvəyə yüksəldi ..!

Qurduğu strategiya əskiksiz həyata keçirildi. Arxada yerləşdirdiyi bölmə əmrə uyğun olaraq dayanmadan gəlirdi. Düşmən sarsıntı keçirdi və geri çəkilməyə başladı. Bunu fürsət bilən Xalid (r.a.) dərhal ordusunu yığdı və Mədinəyə qayıtdı. Lakin düşmən elə qorxmuşdu ki, onun geri dönüşünü belə hərb taktikası zənn edirdi və buna görə də təqib üçün cəsarət edə bilmədi.

Mən Xalidi (r.a.) bir nümunə kimi göstərdim. Siz buna digər bütün böyük istedadları, ondan sonra dünyanı idarə edəsi xəlifələri, siyasi dühası hər kəs tərəfindən təsdiq edilən Amr ibn Asları, ordu başçılarını və ya canla-başla müharibə meydanlarında vuruşanları, gecə abid, gündüz döyüşçü olanları əlavə edin və elə düşünün. Əfəndimiz (s.ə.s.) kimi onların da seçilmiş insan olduqlarını və sonra gələnlərin onlara bənzəmələrinin qeyri-mümkünlüyünü, yəqin ki, qəbul edəcəksiniz. Allah Rəsulu (s.ə.s.) o aləmdən buraya, əl-ələ, çiyin-çiyinə və qol-qola gəldiyi bu camaatını, digərlərindən üstün tutur və onlara əsl varisləri nəzəri ilə baxırdı. Lakin O, vəfa abidəsi ümmətini də unutmamışdı. Ona sinəsini açan, daşı-torpağı belə unutmayan O insan, əsrlər sonra Ona (s.ə.s.) ümmət olmağı şərəf bilən ümmətini heç unudarmı?

Hər şənbə Kubanı ziyarət edərdi. Çünki ora Ona (s.ə.s.) ilk qucaq açan yer idi. Məkkədən ayrılınca ilk dəfə ona Kuba sinəsini açmış və: "Burada qal, Ya Rəsulullah" -demişdi. O da hər həftə oraya gedərək bu vəfa borcunu ödəyərdi. Uhudu da mütəmadi ziyarət edir, “Baki” qəbristanlığındakı dostları üçün göz yaşı tökürdü.

Son ziyarətində də: "Qardaşlarıma salam olsun" -demişdi. Səhabə: "Biz sənin qardaşların deyilikmi?", -dedilər. "Onlar hələ gəlmədi",-buyurdu. Onun "Qardaşlarım" dediyi sizsiniz. Çünki səhabə Onun yoldaşları idi. Onunla birlikdə yaşadılar. Daha sonra gəlib, Onu görmədən Ona biət edib, dini uğruna gecə-gündüz demədən çalışıb hər cür əziyyət və iztiraba dözən və beləcə peyğəmbər yoluna varis olduğunu göstərənlər də Onun qardaşları idi. Çünki Allah Rəsulu (s.ə.s.) onlara salam göndərərkən "Qardaşlarım" demişdi. Bəlkə də, bu ifadənin içində bir-birini qardaş qəbul edən və qardaşı uğruna özünü unutmağı şüar edənlərə xüsusi bir iltifat var. O (s.ə.s.) özünə yaraşan iltifatı edərkən, bu iltifatın müxatəbləri də ləyaqətlərini göstərərək özlərinə yaraşanı bir vəzifə şüuru içində əda etməlidirlər.

Onlar öz vəzifəsini özlərinə xas cəsarətlə yerinə yetirdilər. İndi eyni vəzifəni eyni şüurla yerinə yetirmə vəzifəsi bizə düşür...

Axtarış

Yardım

Suallar və Cavablar Bölümündə sol tərəfdəki menudan kateqoriya seçərək yada axtarış edərək sualları siyahiləyəbilərsiz. * Siyahilənmiş suallara basaraq hamısını oxuyabilərsiz. * Axtarış edəndən sonra siyahilənən suallara başlığında yazılmış sarı rəngli linklər vasitəsiylə yətişəbilərsiz.