Raşid Xəlifə Əfəndilərimiz üstün qiymət və üstün dəyərlərə sahib insanlardır. Və bizim ölçülərimizlə (kriteriyalarımızla) dəyərləndirilməkdən ali və müstəsna şəxsiyyətlərdir. Günümüzdə hədislərə şübhə ilə yanaşanlar səhabəyə, hətta Raşid Xəlifələrə də tənqidi yanaşa bilərlər, ancaq biz, belə bir məsələdə "düşüncə və dilimizin isməti" deyir, Allahın dilimizə günah işlətməməsini diləyirik.
Əslində bu cür səviyyələr üstü səviyyəyə nail olmalarına baxmayaraq, Raşid Xəlifə Əfəndilərimizin eyni səviyyədə olmadığı, hətta onlardan sonra gələn səhabələrin də– ki, hamısı da əfəndilərimizdir və hamısına da ruhlarımız fəda olsun-eyni qütbün qütb ulduzları olmadığı da bir həqiqətdir. Həzrəti Əbu Bəkirin (r.a.) Allah Rəsulu (s.ə.s) ilə elə bir bərabərliyi vardı ki, bu bərabərlik bilavasitə Allaha dayanırdı. Yəni bu bərabərlik eyni zamanda Allahla yaxınlığa (məkan mənasında deyil) nail olmaq kimi bir məna ifadə edirdi... Həzrəti Ömər küfrə qarşı şiddətli, möminlərə qarşı təvazökar olma düşüncəsi ilə yoğrulmuşdur. Təbii ki, eyni zamanda, həssas ədalət, haqq və doğru istiqamətin də təmsilçisi idi. Bir mənada Həzrəti Əbu Bəkir (r.a.) nisbətən üstün olsa da xüsusi fəzilətlərdə "mərcuh racihə tərəccüh edə bilər" (üstün olan, daha üstün olandan bəzi fəzilətlərinə görə üstündür) prinsipinə əsasən, az da olsa öndə ola bilər. Bəli, bir daha vurğulayım ki, ümumiyyətlə bir insan üç addım geri olduğu bir adamdan xüsusi bir məsələdə bir neçə addım irəlidə ola bilər. Buna misal olaraq, başqalarından iffəti ilə, isməti ilə Həzrəti Osmanın (r.a.) yarım addım öndə olduğunu söyləmək olar. Həzrəti Əlinin (r.a.) başqalarını düşünməsi, fədakarlığı, şahı-mərdan, heydəri-kərrar, Peyğəmbər kürəkəni olması ilə bərabər qiyamətə qədər gələcək bir çox övliyanın onun soyundan gəlib, İslam dininə xidmətləri etibarı ilə bütün bu böyük insanların xidmətlərindən fayda və avans əldə etməsi və onunla layiq olduğu böyüklüyə nail olmasının Ona aid bir xüsusiyyət olması da yenə "m’rcuhun racihə tərəccühü"ü (üstün olanın daha üstün olandan bəzən üstün olması) növündəndir; başqa mülahizələrə girməyə də ehtiyac yoxdur.
Bütün bunlara baxmayaraq, biz onları öz aralarında xilafət sırasına görə qəbul etdiyimiz kimi, bütün ümmət də eyni sıra ilə hər kəsdən öndə olduqlarını qəbul edir.
Suala gəlincə, mən sualda keçən Raşid Xəlifələrdən sonra Əməvilər, Abbasilər, Səlcuqlar və Osmanlılarda "din dövlət üçündür fəlsəfəsi hakim idi" ifadəsini mütləq mənada düzgün hesab etmirəm. Yəni istər Əməviləri, istərsə də digər dövlətləri idarə edənlər arasında dövlət fəlsəfəsini bu istiqamətdə qavrayanlar ola bilər. Ancaq "hamısı belə idi" demək doğru deyildir. Və yenə doğru olmayan bir digər xüsus da dini ucaltma qayəsinin sadəcə Səhabə dövrünə aid edilməsidir... Müaviyə və başqalarının, hətta zalım olaraq bilinən bir başqa çoxlarının belə etdikləri çox gözəl şeylər vardır. Hələ tikanlıqda açılan gül kimi o Əməvi sülaləsinin üzünün ağı və iki il yarım kimi qısa bir vaxtda bir əsrlik iş görən Ömər ibn Əbdüləziz...
Digər tərəfdən Harun Rəşid də əhəmiyyətli şəxsiyyətdir... Mehdi çox yüksək səviyyəli bir insandır və o dövrdə ona gözlənilən Mehdi nəzəri ilə baxılmışdır. Səlcuqlardan Alparslan qibtə ediləcək bir mücahid, Mehdi deyilə biləcək səviyyədə bir insan idi. Eyni şəkildə Məlikşah böyük dövlət adamıdır. Və yenə də mənə görə Osmanlılar Fateh cənnətməkana qədər sıra dağlar kimi zirvə insanlarla var olmuşdur. Hamısı da dahi və yüksək səviyyəli insanlar idi. Onlar haqqında Şəcərəi-Numaniyədə söylənənlər həqiqətən doğrudur. Səhabeyi-Kiram əfəndilərimizdən sonra onlar vəzifələrini ən yaxşı şəkildə təmsil etmiş insanlardır. Fatehdən sonra kiçik eniş-yoxuşların olduğu doğrudur. Ancaq unudulmamalıdır ki, onların çuxurları belə bizim başımızdakı qübbə kimidir. Bu nöqteyi nəzərdən, mən şəxsən dövlətin dinə görə yönləndirilməsi və dövlətin dinlə əlaqələndirilməsi məsələsinin sadəcə Raşid Xəlifə Əfəndilərimizə aid olunmasını düzgün hesab etmirəm. Günümüzdə Mevdudi kimi bəzi şəxslərin bu mövzuda, yəni xilafəti məliklikdən ayırma mövzusunda həddindən çox həssas davranmaları zənn edirəm ki, aşırı Əhli-Beyt sevgisindən, biraz da bəzi məsələləri Əməvilərdən görməkdən qaynaqlanır- mən əslində bu kimi şəxsləri də rəhmətlə yad edirəm. Çünki, Əfəndimiz (s.ə.s): "Ölülərinizin yaxşı cəhətlərindən danışın" buyurur. Ancaq hər sahədə qələm oynatmış, başqa sözlə, hər sahədə söz sahibi kimi qəbul edilmiş bir adam daha diqqətli olmalıdır. Əvvəla İslami elmlər çox genişdir, çox dərindir. Hər kəs hər sahədə mütəxəssismiş kimi danışmamalıdır – biraz ifratkar davranırlar... və Əhli Beyti ucaltmaq istəyərkən, İbn Teymiyə və Vəhhabilərin bir qisminin etdiyi kimi, Həzrəti Əlini və Əhli-Beyti zərərli şəkildə tənqid edirlər.
Mən şəxsən məsələyə və bu məsələnin arxasındakı düşüncəyə bu cür yanaşmıram və günbəgün yəvmul-betər (hər gün bir öncəki gündən pis) düşüncəsi ilə qətiyyən razı deyiləm. Həqiqətən yuxarıda da qeyd etdiyimiz kimi "Şəcərəyi-Numaniyə"də Osmanlıların, dövləti Səhabə kimi idarə edəcəklərindən bəhs edilir. Bu, Osmanlılar hələ tarix səhnəsinə çıxmadan və Səlcuqlular dövründə söylənmiş bir sözdür. Demək ki, hər gün yevmul betər deyil; bəzi dövrlərdə çökəklikdən zirvələrə qalxmaq da mümkündür... və enişlərdən sonra yoxuşlar gəlir. Əslində Qurani-Kərimin "tarixi təkrarlanma"ya aid söylədiyi söz də bunu təsdiq edir: "Və tilkəl əyyamu nudaviluha beynənnəs". Məalı: "Biz bu günləri insanlar arasında növbə ilə dəyişdiririk." (Ali İmran, 3/140).
Məsələyə daha başqa formada yanaşsaq görərik ki, hadisələr bir düz xətt üzrə hərəkət etmir; hər şey dairəvi hərəkət edir. Bu gün birinə bayramdırsa sabah başqasına bayram olacaq. Allah Rəsulu (s.ə.s) bunu "Əlharbu sical" sözü ilə izah edir ki, bu da cəbhələrin irəli geri hərəkəti deməkdir. Eynilə yer qabığında olduğu kimi hündürlüklər çökərək çökəklik və dənizlər meydana gətirir... və təbii ki, eyni anda başqa bir yerdə də dağlar meydana gəlir. Əslində ictimai hadisələr də həmişə belə cərəyan edir.
Biz XVIII əsrdən başlayaraq, hər gün biraz daha sürəti artıraraq XIX əsrə qədər başaşağı gəlmiş və XX əsrdə yerlə bir olmuşuq. İndi, XXI əsrdə, təkrar dirçələrək zirvəyə qalxacağımıza ümid edirik. Bəlkə də önümüzdəki əsrin ilk ¼-dən sonra elə mərhələ gələcək ki, Osmanlı dövründə belə o zirvəyə çıxılmayıb. Dediklərimiz və deyəcəklərimizi başqa bir sözlə ümumiləşdirsək:
İslam dövlətinin qurulmasından bu günə qədər, bəzən qısa fasilələr olsa da ümumi mənada tarixin qızıl səhifələri yaşanmış, din, xilafət və imamət (dövlət idarəsi mənasında) əsas götürülmüş, dövlət ona tabe tutulmuşdur. Bu tarixlərdə dövlət bütün gücünü dindən almış və onun öndərliyinə sığınmışdır. Din dövlətin keçəcəyi yolları aydınladan bir işıq mənbəyi olmuş və dövləti yanılmaqdan, çıxılmaz vəziyyətlərdən qorumuşdur.
Hətta müxtəlif tarixlərdə imamət və xilafət sanki səltənətə çevrilmişdi, amma çox azı müstəsna olmaqla bu mükəmməl təmsilçilər, imaməti səltənət səviyyəsində təmsil edənlər qətiyyən qəlblərini, fikirlərini səltənətə yönəltməmişdilər. Tariq bin Ziyaddan (r.a.) Qanuniyə (Qanuni Sultan Süleyman) qədər həmişə belə olmuşdur. Tariq (r.a.) Teloytolada kralın xəzinələrinə ayağını qoyaraq öz özünə: "Əvvəllər bir kölə idin, dünən komandan oldun, bu gün də fatehsən; unutma sabah torpağın altına girəcəksən" deyib üzünü yerə qoyaraq və Qanuni Vyanadan qayıdarkən böyük səmimiyyətlə: "İçimə biraz qürur düşdü, yatağımı dəhlizə sərin" deyərək hər an bu ruhu tərənnüm etmişdi. Bu cür nəfsinə hakim olan insanların ən böyük məqamlarda olduqları tarixlərdə belə bu səviyyədə təvazökar olmaları onu göstərir ki, bizdə tez-tez bu səmavi böyüklüklər yaşanılıb... və həqiqətən hər şey dinin ruhuna uyğun cərəyan edib və bütövlükdə həyat bu duyğuya bağlı olub. Ancaq bəzən Əməvilərin də, Abbasilərin, Qaraxanilərin, Elxanilərin, Xarəzmlərin, Səlcuqluların və Osmanlıların da içərisində məlikliyi və səltənəti Allah rizasından üstün tutanlar meydana çıxmışdır. Allah bizim də onların da qüsurlarını əfv etsin!
Lakin bu istisnalarla o qızıl dövlətləri qaralamaq insafsızlıqdır. Və doğrusu, bu cür davranmaq bizim üçün də caiz deyildir. Çünki Quran bizə keçmişimizi xeyir-dua ilə yad etməyi buyurur.
Əslində o tarixlərdə olan səltənət də tam bir məliklik deyildi. Yalnız ila-yi kəlimətullah (Allahın adının ucaldılması) uğrunda bir bayraq qaldırmaq, kibir və qürurla burnunu dik tutan düşmənlərə qarşı sədəqəyə bənzər qürurla və kibirlə davranmaq idi ki, dində bu davranış yaxşı qəbul olunur.
Hal-hazırda isə bu məsələlərdə bir keçid dövrü yaşanır. Başqa sözlə, bu gün bizim vəzifəmiz hər kəslə uzlaşma, dialoq qura bilmə yolunda ortaq cəhətləri müəyyənləşdirərək bütün dünya ilə bütünləşməkdir.