Kiçik Sözler | Kiçik Sözler | 14
(1-46)
BEŞİNCİ SÖZ

Bismillâhir Rahmânir Rahîm. İnnəllâhə məalləzînə əttəqav vəlləzînəhum muhsinûn. (“Şübəsiz ki, Allah təqvaya sarılanlarla, yaxşılıq edən və gözəl qulluq edənlərlə bərabərdir." Nahl Surəsi, 16:128.)

NAMAZ QILMAĞIN və böyük günahları işləməməyin nə dərəcədə həqiqi bir insanlıq vəzifəsi və insanlığın fitri, münasib bir yaradılış nəticəsi olduğunu görmək istəyirsənsə, bu hekayə təmsilinə bax, dinlə:
Səfərbərlikdə, bir bölükdə, biri təlim görmüş, vəzifəsini sevən, digəri təcrübəsiz, nəfsini sevən iki əsgər bərabər xidmət edirdi. Vəzifəsini sevən əsgər təlimə və cihada diqqət edər, ərzaq və təyinatını heç düşünməzdi. Çünkü, anlayırki, onu bəsləmək və ehtiyaclarını vermək, xəstə olsa müalicə etmək, hətta lazım olsa loxmanı ağzına qoymağa qədər dövlətin vəzifəsidir və onun əsil vəzifəsi təlim və cihaddır. Fəqət bəzi ərzaq və ləvazimat işlərində işləyir. Qazan qaynadır, yemək qablarını yuyur, daşıyır. Ona soruşulsa, "Nə edirsən?" "Dövlətə xidmət edirəm” deyir. Deməyir, "Pul üçün işləyirəm."
Digər mədəsini sevən, təcrübəsiz əsgər isə, təlimə və hərbə diqqət etməzdi. "O dövlət işidir, mənə nə?" deyərdi. Daima yaşayış üçün pul qazanmaq haqqında düşünüb bütün vaxtını buna sərf edir, bölüyü tərk edir, bazara gedir, alış-veriş edirdi. Birgün, o biri əsgər yoldaşı ona dedi:
"Dostum, əsl vəzifən təlim və müharibədir. Sən onun üçün buraya gətirilmisən. Padşaha inan, etimad et; o səni ac buraxmaz. O, onun vəzifəsidir. Həm sən aciz və fəqirsən; hər yerdə özünü doydura bilməzsən. Həm din üçün mübarizə və səfərə hazırlıq zamanıdır. Sənə üsyançı deyib cəza verərlər. Bəli, iki vəzifə bizi hər zaman izləyir. Biri padşahın vəzifəsidir; bəzən biz onun üçün pulsuz işləyirik, o, bizi bəsləyir, ehtiyaclarımızı ödəyir. Digəri bizim vəzifəmizdir; padşah bizə həyatımızda yaxşılıqlar ilə yardım edir, biz isə təlim və hərblə məşğul olmalıyıq."
O sərsəri əsgər, o din üçün mübarizə aparan əsgəri dinləməzsə, nə qədər təhlikədə qalar, anlarsan. Beləcə, ey tənbəl nəfsim! O dalğalı hərb meydanı, bu gurultulu dünya həyatıdır. O bölüklərə bölünən ordu isə, insan cəmiyyətidir, və o bölük isə, bu əsrin İslam camaatıdır. O iki nəfər isə: Biri, dinin fərz olan əmrlərini bilən və onlara əməl edən, böyük günahları tərk edən və günahları işləməmək üçün nəfs və şeytanla mübarizə edən təqva sahibi Müsəlmandır. Digəri, Həqiqi Rəzzaq (ruzi verən) Allahı ittiham etmək dərəcəsində yaşayış dərdinə düşüb fərzləri tərk edən və məişət yolunda günahları işləyən zərərə uğrayan günahkardır.
O təlim və təlimat isə, başda namaz, ibadətdir və o hərb isə, nəfs və həva (nəfsin istəkləri, pis arzular), cin və insan şeytanlarına qarşı mübarizə edib günahlardan və əxlaqsızlıqdan, qəlb və ruhunu həlak olmaqdan qurtarmaqdır. O iki vəzifə isə, birisi həyatı verib bəsləməkdirki Allah (c.c) yaratdıqlarının hər birisini ruziləndirir; digəri həyatı verənə və bəsləyənə pərəstiş edib yalvarmaqdır, Ona təvəkkül edib güvənməkdir (insanlığın vəzifəsi). Bəli, Saməd Allahın ən parlaq sənət möcüsəsi və Rabbin hikmət möcüsəsi olan həyatı kim vermiş, yaratmış isə, o həyatı ruziylə bəsləyən və bəsləməkdə davam edən də Odur, Ondan başqası olmaz. Dəlilmi istəyirsən? Ən zəif heyvan, ən yaxşı bəslənir (meyvə qurdları və balıqlar kimi). Ən aciz, ən zərif məxluq, ən yaxşı ruzini yeyir (körpə uşaqlar və heyvan balaları kimi).
Bəli, halal ruzini əldə etməyin iqtidar və ixtiyar ilə olmadığını, bəlkə acizlik və zəiflik ilə olduğunu anlamaq üçün, balıqlarla tülküləri, körpə heyvan balaları ilə canavarları, ağaclarla heyvanları müqayisə etmək yetərlidir.
Deməli, məişət dərdi üçün namazını tərk edən, təlimi və qorunağını buraxıb bazarda dilənçilik edən şəxsə bənzər . Fəqət namazını qıldıqdan sonra Cənab Kərim (yaxşılıq, ikram, lütuf sahibi) və Rəzzaq (Ruziləri verən) Allahın rahmətindən qidasını axtarmaq, başqalara yük olmamaq üçün özünün getməsi daha gözəldir, mərdlikdir, bir ibadətdir.
Həm, yaradılışı və mənəvi xisləti insanın ibadət üçün yaradıldığını göstərir. Çünkü dünya həyatına lazım olan əməl və iqtidar yönündən insan ən kiçik bir sərçə quşuna belə çatmaz. Fəqət mənəvi həyat və axirətinə lazım olan elm və fəqirliyini bilib göstərməklə yalvarıb yaxarma və ibadət yönündən heyvanların sultanı və sahibi hökmündədir.
Deməli, ey nəfsim, dünya həyatını özünə məqsəd etsən və daima onun üçün çalışsan, ən kiçik bir sərçə quşunun biri hökmündə olarsan. Axirət həyatını məqsəd etsən və bu həyatı da ona vəsilə və tarla etsən və ona görə çalışsan, o vaxt heyvanların böyük bir rəhbəri hökmündə və bu dünyada Cənabı Haqqın nazlı və yalvaran bir qulu, hörmətli, sevilən və möhtərəm bir qonağı olarsan.
Budur sənə iki yol; istədiyini seçə bilərsən. Hidayəti və İlahi yaxınlığı Mərhəmət edənlərin ən mərhəmətlisi olan Allahdan istə.
Səs yoxdur