Kiçik Sözler | Kiçik Sözler | 16
(1-46)
O dalğalı müharibə meydanı isə, bu fırtınalı dünya üzüdür ki, durmur, dönür, fırlanır, dəyişir və hər insanın ağlına bu fikri verir: "Madamki hərşey əlimizdən çıxacaq, fani olub yox olacaq. Görəsən fani olanları sonsuza dəyişdirib əbədi etmək üçün bir çarə yoxdurmu?" deyib düşünərkən, birdən səmavi Quranın sədası eşidilir. Deyir:
"Bəli, var. Həm də beş qat gəlirli bir surətdə, gözəl və rahat bir çarəsi var."
Sual: Nədir?
Cavab: Əmanəti həqiqi sahibinə satmaq. Həqiqətən o satışda beş dərəcə gəlir içində gəlir var.
Birinci gəlir: Fani mal sonsuzluq tapır. Çünkü Qayyûm (yaratdıqlarını varlıq aləmində tutan Allah), Bâki (sonsuz, qalıcı olan) Zati Zülcəlala (Böyüklük sahibi) verilən və Onun yolunda sərf edilən bu keçici, sonlu ömür, sonsuzluğa dönüb sonsuzluq meyvələri verir. O vaxt ömür dəqiqələri, toxumlar, çəkirdəklər hökmündə, zahirən yox olur, çürüyür; fəqət sonsuzluq məkanında səadət çiçəkləri açarlar və sünbüllənirlər və bərzah aləmində (dünya ilə axirət arasındakı aləm) parlaq, sevimli bir mənzərə olurlar.
İkinci gəlir: Cənnət kimi bir qazanc əldə edilir.
Üçüncü gəlir: Hər əza və duyğu organlarının qiyməti birdən minə çıxar. Məsələn ağıl bir alətdir. Cənabi Haqqa satmayıb bəlkə nəfsin üçün çalışsan, elə uğursuz, narahat və əzab verən bir alət olur ki, keçmiş zamanın acılarını və gələcək zamanın olabiləcək qorxularını sənin bu biçarə başına yükləyəcək; uğursuz, bərəkətsiz və zərərli bir alət dərəcəsinə enər. Bax bunun üçündür ki, günahkar adam, ağlın rahatsızlıqlarından və həqiqətləri düşündüyü zaman nəfsinə ağır gəldiyindən, bu fikirlərdən qurtulmaq üçün, daha çox ya sərxoşluğa vəya əyləncəyə qaçar. Həqiqi Malikə (həqiqi mülkün Sahibi) satsan və Onun hesabına çalışdırsan, ağıl elə tilsimli bir açar olur ki, bu kainatda olan sonsuz rahmət xəzinələrini və hikmət dəfinələrini açar. Bununla ağıl, sahibini əbədi səadətə hazirlaşdıran bir mürşid (iman yolunu göstərən) dərəcəsinə çıxar.
Məsələn göz bir duyğu orqanıdır ki, ruh bu dünya aləmini o pəncərə ilə seyr edər. Cənabi Haqqa satmayıb bəlkə nəfs hesabına işlətsən, keçici, davamsız bəzı gözəllikləri, mənzərələri seyr etməklə şəhvət və nəfsin həvəslərinə, günahlara vasitə olan bir alət olur. Gözü, gözün əsl sahibinə; Sani (hərşeyi sənətli yaradan Allah), Basir (hər şeyi görən Allah) Allaha satsan və Onun hesabına, onun izni dairəsində işlətsən, o zaman bu göz, bu böyük kainat kitabının bir oxuyucusu və Rabbimizin bu aləmdəki sənət möcüzələrinin bir izləyicisi və bu yer üzü baxçasındakı rahmət çiçəklərinin mübarək bir arısı dərəcəsinə çıxar.
Məsələn dildəki dad bilmə qüvvətini Fâtır (bənzəri tapılmayan əsərləri yaradan Allah.) Hakîm (hər işini hikmət və məqsədlə görən Allah) Allaha satmazsan, bəlkə nəfs hesabına, mədə üçün işlətsən, o vaxt mədənin tövləsinə və fabrikinə bir qapıçı dərəcəsinə enər, əsl yaradılış qayəsini itirər. Rəzzaq, Kərim Allaha satsan, o zaman dildəki dad bilmə duyğusu, İlahi rahmət xəzinələrinə məharətlə nəzər salan və Saməd Allahın qüdrət mətbəxlərindən razı olub şükr edən bir müfəttiş rütbəsinə çıxar.
Beləcə, ey ağıl, diqqət et! Uğursuz bir alət hara, kainat açarı hara? Ey göz, yaxşı bax! Adi bir günahlara vasitə olan alət hara, İlahinin kitabxanasına bilici bir nəzər hara? Və ey dil, yaxşı dad! Bir tövlə qapıçısı olmaq hara, şükr edən bir alət hara?
Daha bunlar kimi başqa alətləri və əzaları müqayisə etsən anlarsan ki, həqiqətən mümin Cənnətə layiq və kafir Cəhənnəmə layiq bir yer tutar. Onların hərbirinin bu cür qiymət almalarının səbəbi, müminin imanıyla Xaliq (yaradan) Allahın əmanətini Onun adına və izni çərçivəsində istifadə etməsi və kafirin xəyanət edib nəfs-i əmmarə (insanı günahlara sürükləyən nəfs) hesabına istifadə etməsidir.
Dördüncü gəlir: İnsan zəifdir; bəlaları çoxdur. Fəqirdir; ehtiyacı daha çoxdur. Acizdir; həyat yükü çox ağırdır. Əgər Qadiri Zülcəlala (həqiqi böyüklük, ucalıq sahibi, güclü Allah) dayanıb təvəkkül etməzsə və inanıb təslim olmazsa, vicdanı daima əzab içində qalar. Səmərəsiz sıxıntılar, üzüntülər, təəssüflər onu boğar, ya sərxoş ya da vəhşi edər.
Beşinci gəlir: Bütün o əza və alətlərin ibadəti və təsbihatının müqabilində o yüksək qiymətlərin, ən möhtac olduğun bir zamanda Cənnət meyvələri şəklində sənə veriləcəyi haqqında, İslam alimləri eyni fikirdədirlər... Beləcə bu beş qat gəlirli ticarəti etməzsən, bu gəlirlərdən məhrum olmaqdan başqa, beş dərəcə ziyan içində ziyana düşəcəksən.
Birinci ziyan: O qədər sevdiyin mal və övlad; əsiri olduğun nəfs və onun yersiz istəkləri; məftun olduğun gənclik və həyat zay olub itəcək, sənin əlindən çıxacaqdır. Lakin günahlarını, acılarını sənə buraxıb boynuna yükləyəcəklər.
İkinci ziyan: Əmanətə xəyanətin cəzasını çəkəcəksən. Çünkü ən qıymətli alətləri ən qıymətsiz yerlərdə sərf edib nəfsinə zülm etdin.
Üçüncü ziyan: Bütün o qiymətli insanlıq xüsusiyyətlərini heyvanlıqdan çox aşağı bir dərəcəyə düşürüb İlahi hikmətə zidd olan məqsədlərin üçün istifadə etdin.
Dördüncü ziyan: Aciz və fəqir olmaqla bərabər, o çox ağır həyat yükünü zəif belinə yükləyib sonun gəlməsi və ayrılıq zərbəsi altında daima ah – vah edəcəksən.
Beşinci ziyan: Əbədi həyat əsaslarını və axirət səadəti ləvazimatını tədarük etmək üçün verilən ağıl, qəlb, göz və dil kimi Rahman Allahın gözəl hədiyyələrini, Cəhənnəm qapılarını sənə açacaq çirkin bir surətə çevirməktir.
İndi satmağa cəhd edək. Görəsən o qədər ağır birşeydir ki, çoxları satmaqdan qorxurlar?
Yox, əsla və qətiyyən yox! Heç bir ağırlığı yoxdur. Çünkü halal dairəsi genişdir, kef etməyə yetər də artar. Harama girməyə heç ehtiyac yoxdur. İlahi fərzlər (hər müslmanın şəxsən etməklə borclu olduğu ilahi əmir) isə yüngüldür, azdır. Allaha qul və əsgər olmaq elə ləzzətli bir şərəfdir ki, tərif edilməz. Vəzifəmiz isə, yalnız bir əsgər kimi, Allah adına işləmək, başlamaq və Allah hesabıyla vermək və almaq. İzni və qanunu dairəsində hərəkət etmək, hüzur tapmaq. Qüsur etsək, istiğfar, tövbə etmək.
"Ya Rabb, qüsurumuzu əfv eylə. Bizi özünə qul qəbul et. Əmanətini alacağın zamana qədər bizi əmanətdə əmin qıl. Âmin" deməli və Ona yalvarmalıyıq.
Səs yoxdur