Kiçik Sözler | Kiçik Sözler | 15
(1-46)
ALTINCI SÖZ
Bismillâhir Rahmânir Rahîm. İnnəllâhə`ş tərâ minə əl-mu`minînə ənfusəhum və əmvâləhum bi ənnə ləhumul cənnət. ("Allah müminlərdən canlarını və mallarını, qarşılığında Cənnəti onlara vermək surətiylə satın almışdır." Tövbə Surəsi, 9:111.)
NƏFS və MALINI Cənab-ı Haqqa satmağın və Ona qul və əsgər olmağın nə qədər gəlirli bir ticarət, şərəfli bir rütbə olduğunu anlamaq istəyirsənsə, bu hekayə təmsilini dinlə:
Bir zaman bir padşah, rəiyyətindən iki adama, hərbirisinə əmanət olaraq bir ərazi verir ki, içində fabrik, iş maşınları, at, silah kimi hərşey var. Lakin dəhşətli bir müharibə zamanı olduğundan heçbir şey olduğu kimi qalmaz; ya məhv olar ya da dəyişikliyə uğrayar... Padşah, o iki nəfərə, kamil mərhəmətindən ən yaxşı bir məmurunu, köməkçisini göndərdi. Çox mərhəmətli bir fərman ilə onlara deyirdi: "Əlinizdə olan əmanətimi mənə satın; mən də sizin üçün qoruyub saxlayım, boş yerə zay olmasın. Həm müharibə bitdikdən sonra sizə daha gözəl bir surətdə geri qaytararam. Guya o əmanət öz malınızdır; sizə çox böyük bir qiymət verəcəyəm. Həm o fabrikdəki alətlər mənim adımla və mənim dəzgahımda işlədiləcək; həm qiyməti, həm dəyərləri birdən minə yüksələcək. Bütün o gəliri sizə verəcəyəm. Həm də siz, aciz və fəqirsiniz, o böyük işlərin xərclərini ödəyə bilməzsiniz. Bütün xərcləri və ləvazimatı, mən boynuma götürürəm. Bütün gəlirləri və mənfəəti sizə verəcəyəm. Beləcə beş qat mənfəət içində mənfəət!...
“Əgər mənə satmasanız, əlinizdən çıxacaqdır. Onsuz da görürsünüz ki, heç kim əlindəkini qoruyub saxlaya bilmir. Həm zay olacaq; həm də o yüksək qiymətdən məhrum olacaqsınız. Həm o incə, qiymətli alətlər və tərəzilər, istifadə ediləcək şahanə mədənlər və işlər tapa bilmədiyindən, bütün bütün qiymətdən düşəcəklər. Həm idarə və mühafizə zəhməti və yükü sizin öhdənizə düşəcək. Əmanətə xəyanət cəzasını görəcəksiniz. Beləcə beş qat zərər içində zərər!
"Malınızı mənə satmaq isə, mənə əsgər olub mənim adımla istifadə etmək deməkdir. Adi bir əsir və ağılsız olmaqdansa, ali bir padşahın xüsusi, sərbəst bir əsgər məmuru olarsanız."
Onlar bu gözəl sözləşməni və fərmanı dinlədiktən sonra, o iki adamdan ağlı başında olanı dedi: "Başüstünə! Mən malımı sevə-sevə sataram, həm minlərcə təşəkkür edirəm."
Digəri məğrur, nəfsi firavunlaşmış, özünü sevən, əyyaş, guya əbədi o məkanda qalacaq kimi dünya zəlzələlərindən, fəlakətlərindən xəbəri yox, dedi: "Yox, padşah kimdir? Mən mülkümü satmaram, kefimi də pozmaram."
Bir müddət sonra birinci adam elə bir mərtəbəyə çatdı ki, hərkəs halına qibtə edirdi. Padşahın lütfünə layiq olmuş; onun sarayında səadətlə yaşayır. Digəri elə bir hala düşürki, həm hərkəs ona acıyır, həm də "Haqq etdin, buna layiqsən!" deyir. Çünkü səhvinin nəticəsi olaraq, həm səadəti və mülkü əlindən getmiş, həm də cəza və əzab çəkirdi.
Beləcə, ey həvəslə dolu nəfs! Bu misalla həqiqətin üzünə bax. O padşah, Əzəli və Əbədi Sultan olan, başlanğıcının əvvəli və sonu olmayan qüdrət və hakimiyyət Sahibi Rabbin, Xaliqindir. O ərazilər, iş maşınları, alətlər, tərəzilər isə, sənin həyatın içindəki bədənin və orqanların, o bədənin içindəki cisim, ruh və qəlbin və onlar içindəki göz və dil, ağıl və xəyal kimi zahiri və daxili duyğularındır. O məmur köməkçi isə, Rəsuli Kərimdir. O hökm fərmanı isə, Qurani Hakimdir ki, bəhs etdiyimiz böyük ticarəti bu ayətlə elan edir:
Bismillâhir Rahmânir Rahîm. İnnəllâhə`ş tərâ minə əl-mu`minînə ənfusəhum və əmvâləhum bi ənnə ləhumul cənnət. ("Allah müminlərdən canlarını və mallarını, qarşılığında Cənnəti onlara vermək surətiylə satın almışdır." Tövbə Surəsi, 9:111.)
Səs yoxdur