Kiçik Sözler | Kiçik Sözler | 25
(1-46)
DÖRDÜNCÜ MƏNA: Həftəlik bir saatın saniyə, dəqiqə, saat və günlərini sayan milləri birbirinə bağlıdırlar, birbirini izləyib birbirinin hökmünü alırlar. Eləcə də, Cənabi Haqqın ən böyük saatı olan bu dünya aləminin saniyəsi hökmündə olan gecə və gündüzün dövr etməsi, dəqiqələri sayan illər, saatları sayan insan ömrünün təbəqələri və günləri sayan dünya ömrünün dövrləri birbirilərinə baxarlar, birbirinin misalıdırlar, birbirinin hökmündədirlər və birbirilərini xatırladırlar. Məsələn:
•Fəcir zamanı, havanın ağarmasından günəşin doğmasına qədər olan zaman, ilk bahar zamanına, həm insanın ana rahminə düşdüyü anlarına, həm də, yer və göylərin yaradıldığı altı günün birinci gününə bənzəyir və onlardakı İlahi halları xatırladır.
• Zühr zamanı, Günorta vaxtı isə, yay mövsümünün ortasına, həm kamallaşmış gəncliyə, həm də dünya ömründəki insanın yaradıldığı dövrə bənzəyir və işarət edir və onlardakı rahmətin təcəllisini və bol nemətlərini xatırladır.
•Əsr (ikindi) zamanı isə, payız fəslinə, həm ixtiyarlıq vaxtına, həm Axırzaman Peyğambərinin (əleyhissalâtü vəssəlâm) səadət əsrinə bənzər, onlardakı İlahinin işlərini və Rahman Allahın nemətləndirmələrini xatırladır.
•Günəşin batdığı axşam zamanı isə, payız mövsümünün axrında yaraılmışların bir çoxunun yox olmasını, həm insanın vəfatını, həm dünyanın qiyamət öncəsində pozulacağını xatırladaraq böyüklük göstərənləri susdurur və bəşəri qəflət yuxusundan oyandırır, xəbərdar edir.
• İşa (yatsı) vaxtı isə, gündüz aləminin bütün əsərlərinin, gündüz işlənənlərin zülmətlər dünyasının qara kəfəniylə örtülməsinə, həm ölmüş yer üzünün qışın bəyaz kəfəni ilə örtməsinə, həm vəfat etmiş insanın qalıcı olan əsərlərinin belə yox olub unudulmaq pərdəsi altına girməsinə, həm imtahan meydanı olan bu dünyanın bütünlüklə yox olacağına işarə ilə Qahhâr-ı Zülcəlâlın ( yatatdığı kimi həm də məhv edən Allahın adı) sonsuz əzəmət və böyüklüyünü göstərməsini elan edər.
•Gecə vaxtı isə, həm qışı, həm qəbri, həm bərzah aləmini anlatmaqla, insan ruhunun Rahman Allahın rahmətinə nə dərəcədə möhtac olduğunu xatırladır. Gecədə təhəccüd namazı isə, qəbir gecəsində və Bərzah qaranlığında nə qədər gərəkli bir işıq olduğunu bildirir, xəbər verir və bütün bu dəyişmələr içində Cənabi Həqiqi Mün'im ( nemət verən, nemətləndirən ) Allahın sonsuz nemətlərini xatırladaraq, nə dərəcədə həmd və sənaya, tərifə layiq olduğunu elan edir.
•İkinci sabah isə, həşr (ölümdən sonra dirilib toplanma) sabahını xatırladır. Bəli, bu gecənin sabahı və bu qışın baharı nə qədər ağla uyğun, lazımlı və qətidirsə, həşrin sabahı da, bərzahın baharı da o qədər qətidir.
Deməli, bu beş vaxtın hərbiri mühüm bir dəyişilmənin başlanğıcı olduğu və büyük dəyişiklikləri xatırlatdığı kimi, Saməd Allahın Öz böyük qüdrətini hər gün istifadə etməsinə işarətlə, həm illik, həm əsrlik, həm də dövrlük qüdrətinin möcüzələrini və rahmətinin lütflərini xatırladır. Deməli əsl yaradılış vəzifəsi, ibadətlərin əsası və qəti borc olan fərz namaz, bu vaxtlarda layiqdir və ən uyğundur.
BEŞİNCİ MƏNA: İnsan yaradılış etibarıyla çox zəifdir. Halbuki, hərşey ona toxunur, təsir edir və üzür. Həm də çox acizdir. Halbuki, bəlaları və düşmənləri lap çoxdur. Həm də çox fəqirdir. Halbuki, ehtiyacları həddindən artıqdır. Həm tənbəl, iqtidarsız və gücsüzdür. Halbuki, həyatın yükləri çox ağırdır. Həm insanlıq halı onu kainatla, yaradılanlara bağlı etmişdir. Halbuki, sevdiyi, ünsiyyətdə olduğu şeylərin bitməsi və onlardan ayrılma düşüncəsi durmadan onu incidir. Ağıl ona yüksək məqsədlər və əbədi meyvələr göstərir. Halbuki, əli qısa, ömrü qısa, iqtidarı qısa, səbri də qısadır.
• Belə bir vəziyyətdə bir ruh, fəcir zamanında Böyüklük Sahibi və hərşeyə gücü yetən, Gözəllik Sahibi, yaratdıqlarına qarşı sonsuz şəfqətli və mərhəmətli olan Allaha, Onun hüzurunda niyazla, namazla müraciət edib halını ərz etmək, əfv və yardım istəməklə gecənin ardından gələn gündüz vaxtı başına gələcək, belinə yüklənəcək işlərə, vəzifələrə dözmək üçün nə qədər lazımlı bir güvənc yeri olduğunu dərhal anlayır.
Səs yoxdur